Vətən müharibəsi zamanı Ağsu rayon Gəgəli kəndinin bir neçə qəhrəman övladı şəhidlik zirvəsinə ucalıb. Həmin igid övladlarımız böyük izdihamla, kənd qəbiristanlığında dəfn olunublar. And yerinə çevrilən şəhidlərimizin məzarları bu gün xalqımız tərəfindən ziyarət olunur və onlar böyük ehtiramla yad edilirlər.
Vətəni üçün canından keçən Gəgəli qəhrəmanlarımızdan biri də 19 yaşlı gənc şəhidimiz əsgər Elmir Süleymanlıdır.
Bir il dörd ay hərbi xidmətdə olan Elmir Süleymanlı İkinci Qarabağ müharibəsi zamanı döyüşlərə aktiv şəkildə qatılaraq şücaət göstərib. Elmir düşmənə sarsıdıcı zərbələr endirərək Vətən torpağını işğalçılardan xilas etmək üçün son nəfəsinə qədər vuruşub. Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsə də, onu görmək Elmirə nəsib olmayıb.
Şəhid atası Aqil Süleymanlı oğlunun qəhrəmanlığından qürur duyduğunu deyib. Elmir Süleymanlı sonuncu dəfə atası ilə telefonla danışaraq halallıq istəyib. Və bu, onun ailəsinə sonuncu zəngi olub. Oktyabrın 21-də qəhrəmanımız şəhadət zirvəsinə ucalıb.
O, "Vətən uğrunda" , Cəbrayılın, Füzulinin, Xocavəndin işğaldan azad olunmasına görə və "İgidliyə görə" medalları ilə təltif olunub.