Yusifli Müzəffər Ziyəddin oğlu 2000-ci il 22 oktyabrda Beyləqan rayonun Kəbirli kəndində anadan olub. 2007-ci ildə Kəbirli kənd Eldar Əliyev adına 2 nömrəli tam orta məktəbində 1-ci sinfə gedib. 2018-ci ildə həmin məktəbi bitirib.
O, 2018-ci il oktyabr ayında Bakı şəhəri Ədliyyə Nazirliyi N saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti bitirdikdən sonra 2020-ci ilin avqust ayında Beyləqan rayonu N saylı hərbi hissəsində MAHHXHQ çavuş kimi ordu sıralarına qoşulub.
Müzəffər Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib . İşğal altında olan bir çox ərazilərimizin alınmasında böyük rolu olub. Oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşdə 5-45 gülləsinin qarın boşluğa dəyməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu, Kəbirli kənd Şəhidlər xiyabanında dəfn edilib. O, subay idi, 2 bacısı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Yusifli Müzəffər ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Müzəffər həmçinin "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.