Hacıəhməd orta məktəbi Zərnə kəndində bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətənə olan borcunu yerinə yetirdikdən sonra hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib. Ali təhsil almasına baxmayaraq, öz ixtisası üzrə işləməkdən imtina edərək müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayan Hacıəhmədə Vətən müharibəsində iştirak etmək də nəsib olub.
Sentyabrın 27-dən etibarən ordumuzun əks hücum əməliyyatlarında qəhrəmanlıq göstərən Hacıəhməd Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçın dəhlizinin işğaldan azad edilməsi uğrunda döyüşüb. O, bu döyüşlərdə 8 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb. Ayağından və gözündən yaralanmasına baxmayaraq, 15 günlük məzuniyyətdən imtina edərək, müalicə olunduğu hospitaldan birbaşa cəbhəyə yollanıb.
Hacıəhmədin son döyüşü noyabrın 7-də Şuşada olub. O, Şuşa qalası ətrafında ən uca zirvəni fəth edən zaman şəhid olub.
Hacıəhmədin valideynləri indi övladları haqqında yalnız fəxarətlə danışırlar.
Hacıəhməd Hacıəhmədli ölümündən sonra 4 medalla "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid Zərnə kənd qəbiristanlığında torpağa tapşırılıb.