Rövşən Mahmud oğlu Pənahov (2 oktyabr 1989; Birinci Şıxlı, Qazax rayonu — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi
Rövşən Pənahov 1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açıb.
1995-2006-cı illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.
Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.
Rövşən Pənahov xidmət illəri ərzində "Qüsursuz xidmətə görə" , "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalları ilə təltif edilib.
2016-cı ilin aprel ayının 1-də başlayan və 5-də bitən Dördgünlük müharibədə iştirak edib. Aprel döyüşlərindəki xidmətinə görə “kapitan” hərbi rütbəsi alıb.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rövşən Pənahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.