2021/05/Scree-1622101900.jpg

line
Adı: İlqar
Soyadı: Həsənov
Ata adı: Nadir
Doğum tarixi: 02.01.1990
Şəhid olub: 08.11.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
İlqar Nadir oğlu Həsənov 1990-cı il yanvarın 2-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra İlqar hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmağa qərar verib də müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş İlqar Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar oktyabrın 27-də yaralanıb və hospitala yerləşdirilib. Lakin bir gün sonra öz istəyi ilə yenidən döyüşlərə qatılıb. Laçının Güləbird və Səfiyan kəndlərinin də azad edilməsində qəhrəmanlıq göstərib. Sonuncu dəfə noyabrın 1-də ailəsi ilə əlaqə saxlayıb və qələbənin çox yaxında olduğunu deyib. Noyabr ayının 8-də isə Şuşa uğrunda gedən döyüşlər zamanı İlqar qəhrəmancasına şəhid olub.



Ailəli idi, bir qızı və bir oğlu yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, “İgidliyə görə”, «Cəbrayılın azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə»medalları ilə təltif edilib.

İlqar haqqında qürurla danışan atası Nadir Həsənov deyir ki, Vətən müharibəsində ilk günlərdən döyüşə atılan İlqar və döyüşçü yoldaşları Füzuli istiqamətində düşmənin birinci səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra onlar Cəbrayıl uğrunda gedən döyüşlərdə ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv ediblər. Yeni tapşırıq üzrə İlqar Hadrut istiqamətində irəliləyib. Növbəti uğurlu tapşırıqları isə Zəngilan və Qubadlı istiqamətində olub.

Şəhidin anası Azadə Həsənova qəhrəman oğlu haqında göz yaşı ilə danışsa da, qürur hissi keçirir:

“İlqar Vətəninə çox bağlı idi. O, hətta torpağı öz valideynlərindən və iki övladından da çox sevirdi. Hər zaman bir amal uğrunda yaşayırdı - torpaqlarımızı yağı düşməndən azad etmək və şəhidlərimizin qisasını almaq. Arzusuna çatdı, öz canını fəda edərək Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. Biz İlqar ilə hər zaman fəxr etmişik, bundan sonra da fəxr edəcəyik” , - deyə şəhid anası söyləyib.