Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Elvin Sarvan oğlu Şıxəliyev 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olub
2013-cü ildə Şirvan Şəhər SHXÇDX-in çağırışı ilə həqiqi hərbi xidmətə yollanıb. Xidməti zamanı göstərdiyi şücaətə görə 4 dəfə tərifnamə elə təltif olunub. Manqa komandiri kursunu bitirib, 2015-ci ildə isə hərbi xidmətini bitirib.
Elvin Şıxəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində könüllü iştirak edib, Füzuli, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 14-də şəhid olub. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin atası Sarvan kişi Şıxəliyev Elvinin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, Elvin hələ uşaq yaşlarından vətənsevər gənc kimi böyüyüb, erməni işğalçılarına qarşı əsil döyüşçü kimi formalaşıb. "Yaxınlarına, qonşularına qarşı çox həssas olub. Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.