2023/06/Toğr-1686233678.jpg

line
Adı: Nağıyev
Soyadı: Toğrul
Ata adı: Həsənbala
Doğum tarixi: 08.06.2000
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Toğrul Həsənbala oğlu Nağıyev 2020-ci il iyunun 8-də Şəki şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Toğrul Nağıyev oktyabrın 13-də Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. O, Şəki şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

** *
Bir zaman adına “Könüllülərin komandiri” dedizdirən oğlan könüllərin komandiri oldu. Tarix qəhrəmanlarını heç vaxt unutmur, onları daş yaddaşına köçürərək orada əbədiləşdirir. Şəhidlik zirvəsi müqəddəs bir yüksəklikdir. Ora ucalan biri, zamanın məngənəsinə düşərək, qovuşduğu zirvədə gündən-günə daha da yüksəlir.
Biz bir millət olaraq, 44 günlük Vətən müharibəsi ilə mərdlik, qormazlıq səhifəsini vərəqlədik. 30 ilə yaxın seperatçı işğalçıların tapdağı altında qalan torpaqlarımız doğma insanların ləpirləri ilə dirçəldi, təmizləndi.

Torpaq həm də bizim beynimizin daxılında qalan qan yaddaşımızdır. Torpaq minlərlə qəhrəmanlarımızın qanı ilə yoğrulan azadlıq ruhumuzdur!

Bu gün haqqında danışacağım Şəki şəhərinin fəxri, qanı ilə, canı ilə qəhrəmanlıq dastanı yazan şəhid Nağıyev Toğruldur.

Toğrulun bir rəqs müəllimi kimi ümidləri, xəyalları çox idi. Dostları ilə birləşib, rəqs məktəbi qurmuşdu. Gələcəkdə özü kimi rəqqaslar yetişdirmək arzusu vardı. Heyif ki, onun bu tumurcuqlanan, qol-budaq ata bilməyən arzuları oktyabrın 14-ü əbədi olaraq qanı ilə yoğrulmuş torpağında dəfn edildi.

Vətəninin dar günündə hamı kimi o da borcunu qaytarmağa tələsirdi. Toğrulu tanıyanlar bilirdi ki, onu evdə saxlamaq olmayacaqdı. Könüllü olaraq ordu sıralarına yazılan Toğrulu, hərbi komissarlığından geri qaytarırlar.
Təsəvvür edin, əsgərlərlə dolu avtobus, Toğrul güc-bəla ilə özünə orada yer tapıb, oturur. Hərbi komissarlıqdan gizli yoxlama var, adları yoxlayırlar, adı çıxmayan Toğrulu avtobusdan düşürürlər. Bu hadisə düz 4 dəfə təkrarlanır, sonda Toğrulun israrları nəticə verir, o, sentyabrın 30-u öz arzusuna çatır.

Şəhidin bu inadkarlığına görə, ona Şəki komissarlığı “Könüllülərin komandiri” adını verirlər.

Oktyabrın 14-ü sonuncu döyüşünə girən Toğrul aldığı qəlpə yarasından ağır yaralanaraq, şəhidlik zirvəsinə ucalır. O, sonuncu rəqsini, “Şəhidlik” rəqsini Vətən səhnəsində oynadı. Bəlkə də bu “Qu quşunun son nəğməsi” kimi əbədiyyətə aparan bir ifa idi.

Çünki zaman gəlir öz dəyirmanında həyatın saniyələrini üyüdür, vaxt yetişir...

Canından çox sevdiyi anasına və bütövlükdə mənsub olduğu millətə qəhrəmanlıq dastanı yazan şəhidim, KÖNÜLLƏRİN KOMANDİRİ!

Rahat uyu, sənin sonuncu ifan TORPAQLARIMIZI və sənin RUHUNU öz azadlığına qovuşdurdu!

Yerin cənnətdir, bilirəm!

**


Toğrul Nağıyev Toğrul Həsənbala oğlu 8 iyun 2000-ci ildə Şəki şəhərində anadan olub. 2019-cu ildə atasını itirən Toğrul anasının yeganə balası idi. Ana bütün həyatını oğlundan güc alaraq, yaşayırdı.

Anası Nağıyeva Əntiqə Əhməd qızı: - Oğlum 2 saylı məktəbdə 9-cu sinfə qədər oxumuş, Şəki Dövlət Musiqi kollecini bitirmişdi. Onun gözəl musiqi duyumu var idi. Ancaq rəqslə məşğul olurdu. Pandemiya başlanandan onun işləri də çətinləşmişdi. Buna görə də, fəhləlik edir, evə çörək gətirirdi. Çox ünsiyyətcil, mehriban, gülərüz idi. Heç kimin xətrinə dəyməz, özündən böyüklərin sözlərini öyüd-nəsihət kimi qəbul edirdi. Həmişə Vətəni sevdiyini hər kəsin yanında deyir, nə vaxtsa müharibə olarsa, mütləq könüllü gedəcəyini bildirərdi. 9 ay idi ki, hərbi xidmətdən qayıtmışdı.

Sentyabrın 29-da könüllülərin getdiyi avtobusa minən Toğrulu polislər dəfələrlə “Sənin adın siyahıda yoxdur”,- deyib, düşürsələr də, təkidlə arxa qapıdan avtobusa minirdi. Onun bu döyüşə hansı coşğu ilə getdiyini hamı bilir. Öz gözəl rəqsilə orada şənlənən Toğrul və onun yanında bir neçə könüllü əylənərək, mahnı oxuya-oxuya “Biz gedirik döyüşə, Ana Vətəni xilas etməyə!” - deyirdilər.

Gedən gün “Ana mən gedirəm Vətəni qorumağa. Birdən qayıtmasam, evdə tək qalma, dayımgilə get” - deyirdi. Biz də onun belə danışdığını görəndə düşünürdük ki, evin tək övladı və tək dayağımdır. Toğrul mənim pəjmürdə olduğumu görəndə qucaqlayaraq, “Bəs mən getməyim, o getməsin, kim getsin?!”,- deyərək, təsəlli verməyə çalışırdı: - Anacan mən səni çox sevirəm, çəkdiyin əziyyətlərdən də xəbərim var. Ancaq Vətəni də qorumaq lazımdır. Döyüşə getməklə Vətənə xidmət etmiş, elə sənin də qorumuş oluram.

...Oktyabrın 13-də balasından acı xəbər gəldi ki, Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhid olub. Qəhrəman adı alan Şəhidimizi çox böyük təntənə ilə atasının uyuduğu qəbiristanlıqda dəfn edilib.