Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib.
2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub.
2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulub.
Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzuli əməliyyatının və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Kiçik çavuşun nəəşini 31 gün sonra 28 oktyabr tarixində qarşı tərəfdən götürmək mümkün olmuşdur. Şəhid Elmir Nəsirov Füzuli rayonunun Əhmədbəyli kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elmir Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.