Şahin Vaqif oğlu Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. 2002-2013-cü illərdə Beyləqan şəhərində R. Abbasov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Şahin Hüseynli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Əsgərlikdən sonra o da özündən 5 yaş böyük qardaşı kimi yenidən hərbi xidmətə qayıdıb və torpaqlarımızın müdafiəsində dayanıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Hüseynli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Bir ailədə 3 oğul böyüdən Tərgül ana övladları körpə ikən həyat yoldaşını itirib. Ailənin sonbeşiyi olan Şahin hər dəfə anasına deyirmiş ki, “Mən şəhid olum, amma qardaşım yox. Biz atasız böyüdük, amma qoy qardaşımın balaları atasız böyüməsin”.
“Çox vətənpərvər idi, inanmırdım ki, o geri sağ qayıda, heç qazi kimi də gözləmirdim. Deyirdi ki, "Ölənə kimi döyüşəcəm". Deyirdi, "Nə qədər canım var, vuruşacağam”.