Büsat Əfsər oğlu Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Büsat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində döyüş tapşırığını yerinə yetirəkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Büsat Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Büsat Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.