30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib.
Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunda anadan olub.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məmmədov oktyabrın 12-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Qarabağ" ordeni i lə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra " Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Məlumata görə, Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun ölümündən sonra övladı dünyaya gəlib. Körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib”.