Ruslan İdrisov 6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olub. Ailədə bir bacı və iki qardaş olublar. Atası uzun illərdir Rusiyada yaşadığı üçün uşaqları anası böyüdüb. Ruslan Qəbələ şəhər 3 saylı tam orta məktəbinin məzunu olub. Orta məktəbi bitirdikdən sonra isə iyulun ayının 11-də sonuncu imtahanını verərək hərbi xidmətə yollanıb.
Gənc əsgər kimi Ruslan karantin müddətini Ballı qaya deyilən ərazidə xidmət edib. Andiçmə mərasimindən sonra Aşağı Ağcakənd kəndində hərbi hissədə xidmətinə davam edib. Ruslan sonuncu dəfə sentyabrın 21-də anası ilə danışıb və bu onun son telefon zəngi olub. Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Ağbucuq deyilən ərazidə isə o, itkin düşüb. Noyabrın 26-da Ruslanın şəhid xəbəri gəlib və onun nəşi doğma evinə gətirilərək Qəbələ rayonunun Soltannuxa kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.