2021/09/Murad-1631891831.jpg

line
Adı: Ağazadə
Soyadı: Murad
Ata adı: İkram
Doğum tarixi: 13.07.2000
Şəhid olub: 02.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
2020-ci il avqustun 13-də Yevlax şəhərində İkram kişinin oğlunun doğulduğu xəbərini gətirən qohuma muştuluq verilmişdi sevinə-gülə. Yeni doğulan körpənin evə gəlişinə qurban kəsilib paylanmışdı. Axı, İkramla Nailə xanım ailə qurduqdan 7 il sonra qızları Arzu, 14 il sonra oglu dünyaya gəlişi ilə ailəyə gözəl bir ab-hava gətirmişdi. Oğul övladı ailəni muradına catdırmışdı, elə buna görə də ana öz oğluna Murad adı vermişdi.

Bütün ailə üzvləri, qohumları bu sevimli balanın məhəbbətlə, qayğı ilə əhatə edib əzizləsələr də, Murad heç vaxt ərköyünlük etməyib, hamının sevimlisi olmuşdu. Onu ilk dəfə dərsə yola salanda necə sevinmişdilər. Murad Ağazadə Yevlax şəhəri 6 saylı tam orta məktəbdə təhsilini müvəffəqiyyətlə başa vuranda da fəxr etmişdilər.

Murad öz nizam –intizamı, həm də idmana həvəs göstərməsi ilə secilmişdi məktəbdə. İdmanın Cu-do növünə böyük həvəs göstərməsi onun respublika yarışlarına vəsiqə qazanmasına səbəb olur və yarışlarda qazandığı uğurlara görə layiq görüldüyü fəxrifərmanlar, kuboklar elə bu gün də Ağazadələr ailəsinin evini bəzəyir.

2018-ci ildə hərbi xidmətə cagrılan Ağazadə Murad İkram oğlu 2020- ci ildə həqiqi hərbi xidmətini başa vuraraq evlərinə dönür.

Bacısı Arzu Tovuz döyüşləri zamanı qardaşı Muradın necə vətənpərvər olduğunu özü üçün bir daha təsdiq edir, döyüşləri necə həyacanla izlədiyinin şahidi olur. Mənimlə söhbətində Arzu deyir ki, Tovuz döyüşləri Murada necə pis təsir eləmişdisə, elə hey təkrar edirdi: torpaq bizim ola – ola mənfur düşmən, bizim olan torpaqlarda necə at oynada bilər axı? Buna dözə bilmirəm.

-Görəcəksən, bacı, tezliklə bu torpaqlar özümüzə qayıdacaq və torpagımızın azad olunması ücün mən də qoşulacam müharibəyə gedənlərə.

Elə bu vətən, torpaq sevgisi ilə müharibəyə yollanan könüllülər sırasına ilk yazılanlardan olub Murad.13 iyul 2020 –ci ildə səfərbərlikdən 2 ay əvvəl, bacısı Arzu qardaşının ad dünündə Muradın şəklini paylaşaraq, onu təbrik edib.Amma, qəlbi də, ruhu da vətən sevgisinə bürünən Murad Arzuya deyir; bacı, təbrikə görə cox sag ol, amma xahiş edirəm, sil bu statusu. Mən necə ad günü qeyd edə bilərəm axı, gör bizim necə igid oğullarımız şəhid olur.

Və beləcə gunlərin bir günü ailədən xəbərsiz, ilk könüllülərdən olaraq, torpaqlarımızı azad etmək ücün müharibəyə getməyi qərara alır 20 yaşlı Murad.Yola düşməzdən əvvəl gəlir bacısıgilə, onun övladlarını bağrına basır. Amma müharibəyə yola düşdüyünü nə bacısına nə valideyinlərinə deyir. Ata-anası bu xəbəri həyəcanla qarşılasalar da, başa düşürdülər ki, Vətən dardadır, vətəni qorumaga, torpaqlarımızı azad etməyə elə oğullar getməlidir.

Evlərinə tez- tez zəng vururmuş. Anası Nailə xanım hər dəfə oglunun səsini eşidib kövrəlirmiş, aglayırmış, axı, müharibənin dəhişəti adından bəllidir.
Nailə xanıma ürək-dirək verir, deyirmiş: Ana, başını dik tut, mən vətənimizin xarı bülbül qoxulu torpaqlarını əsarətdən qurtarmaq, sizləri xoşbəxt etmək ücün döyüşürəm və bu torpaqlar azad olunanacan döyüşəcəyəm.!.

Sentyabrın 30-da qızgın döyüşlər gedirdi. Bir anlıq bəlkə də ürəyinə danmışdı şəhid olacağı Muradın. Evlərinə zəng vurur: Ana, narahat olmayın, hər şey yaxşıdır, məndən nigaran olmayın, özünüzdən mugayət olun.

Bu, onun axırıncı zəngi, anasına son sözləri olur. İllər keçəcək, amma oğlunun o kövrək, bir də məğrur səsi ananın qulaqlarından getməyəcək.

Döyüş yoldaşları 20 yaşlı Muradı cılız olduguna görə döyüş meydanında çox irəli buraxmırdılar. Ancaq bir də görürdülər ki, lap irəlidə, döyüşlərin ən qızğın getdiyi nöqtədədir Murad. -Od kimi oğul idi, deyir döyüş yoldaşları. Torpaq uğrunda öz evinin divarı üçün vuruşurmuş kimi vuruşurdu. Vətən yolunda həlak olanların vətəni olurdu 20 yaşlı bu igidimiz. Murad hey istəyirdi ki, vursun, dağıtsın, mənfur düşmənlərin hamısını məhv etsin.

Amma fələk deyir: sən saydığını say, mənim öz hesabım var. Və onun ömür payına düşən qisməti sanki dilə gəlirdi: sənə 20 il, cəmi 20 il ömür vermişəm. Amma dünya dürduqca qəlblərdə yaşayacaqsan. Bəli, Murad bala, Allah sənə 2020- ci ilin 2 oktyabr tarixinəcən yaddaşlarda iz buraxan bir ömür yazmışdı.

Sən doğulanda ananın sevincdən bütün vücudu silkələnmişdi, 2 oktyabrda isə ananın ürəyi sızladı, göynədi, bacının nəfəsi tükəndi sanki. Nailə xanım hər şeyi hamıdan əvvəl hiss edir. Ürəyinə damır ki, oğlu həyata «vida» deyib. Bilirsənmi niyə? Cünki bala son nəfəsində ananı haraylayır: Gəl, ay ana gəl.!!!

Bəli, tam 70 gün Murad neytral zonada uyudu, ruhu ana evində balasına lay- lay deyən Nailə xanımın başı üstündə fırlanaraq, fəryad edən anayla birgə alışdı, yandı.
70 gündən sonra böyüyüb boya başa çatdığı, canından artıq sevdiyi torpağa qovuşdu Murad.

21 sentyabr 2020 ci ildə qoşaraq getdiyi müharibədən, 9 dekabr 2020 –ci il tarixdə, Vətənin üç rəngli bayrağına bürünərək çiyinlərdə gəldi Murad.O, sevdiyi torpağı seçdi, torpaq da sevə –sevə ağuşuna aldı bu igidi.

Bilirəm, anan Nailə xanımın övlad yanğısı heç vaxt sönməyəcək, atan İkram kişi bir də səni «oğlum» deyə çağıra bilməyəcək, bacın Arzu bir daha səni bağrına basa bilməyəcək, amma sən Vətənin sevimli övladı oldun, yaddaşların əziz oğluna çevrildin, el səni bağrına basdı.

9 dekabr 2020-ci ildə Yevlaxın Şəhidlər xiyabanında özünə bir ev qurdun, qonşuların qəhrəman şəhidlər, qonaqların qazilər, ziyarətcilərin səni heç vaxt unutmayacaq xalqın oldu.

Sevib secdiyin torpaqda rahat yat, Murad. Bu torpağı sən və şəhid atalar, oğullar, qardaşlar azad etdiniz. Bu torpaqda asudə, rahat, başı dik, alnı açıq, qürurla yaşamağı sizlər bizə nəsib etdiniz. Sizlərə borcluyuq hər şey ücün! Və bir ananın övladıykən bir millətin qüruruna çevrildin, Murad.

Ölümündən sonra Murad Ağazadə Azərbaycan Prezidentinin sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" "Vətən uğrunda" medalları ilə təltif edilib.

Respublikanın əməkdar jurnalisti Əminə Yusifqızının yazısı