Azərbaycan Ordusunun kiçik çavuşu Elburus Yusifov 1985-ci il mayın 12-də Ermənistanla sərhəddə yerləşən Tovuzun Ağdam kəndində doğulub boya başa çatıb. Uşaqlıq illərindən düşmən xislətinin canlı şahidi olub. Elburus vətənə bağlı igid kimi yetişib. Onun Vətənin keşiyində durmaq, hərbçi olmaq qərarını ailəsi hörmətlə qarşılayıb.
Elburus Yusifov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində savaşa atılıb. O, 12 il hərbçi kimi Vətən torpaqlarının keşiyini çəkib. Kənd məktəbində işləmiş atası Şəmsi müəllim oğlunun vətənə, elə-obaya bağlı gənc olmasından danışırb: “Orta məktəbdə oxuyandan hərbiyə böyük maraq göstərdi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra kiçik komandirlər məktəbinə daxil oldu. İşlədiyi dövrdə medallarla təltif olunub. Mən bir ata kimi oğlumun şəhid adı ilə fəxr edirəm. Ona görə fəxr edirəm ki, oğlum Ali Baş Komandanımızın əmrinə müntəzir oldu. İşğal altında olan Vətən torpaqlarının azad olunmasında iştirak etdi”, - deyə şəhid atası Şəmsi Yusifov bildirib.
İyul döyüşləri Elburus üçün daha önəm daşıyıb. O doğma Ağdam kəndi istiqamətində düşmənin təxribatının qarşısının alınmasında döyüşlərin iştirakçısı idi. Vətən müharibəsi başladıqda isə artıq o, xidmətini Kəlbəcər-Murovdağ istiqamətində davam etdirib.
Ailəsi ilə tez-tez telefonla danışan Elburus həmişə də hər şeyin qaydasında olduğunu deyib. Sonuncu dəfə isə oktyabrın 1-də, vətən müharibəsinin qızğın döyüşlərinin getdiyi dövrdə ailəsi ilə danışıb. Ən çox ünisiyyətdə olduğu, telefonla əlaqə qurduğu isə kiçik qardaşı Hikmət olub. Hikmət iyul döyüşlərində xalası oğlu Elşad Məmmədovun şəhid olmasından sonra Elbrusda düşmənə qarşı nifrətin daha da artdığını söyləyib.
"Kəşfiyyatçı snayper idi. Onunla birgə döyüşən xalamız oğlu şəhid olandan sonra çox əsəbiydi. Müharibə olmasını, torpaqlarımızın işğaldan biryolluq azad edilməsini istəyirdi. Şəhidlik zirvəsinə ucalmamışdan qabaq döyüş əmri verilməyən ikinci taborda olmalı idi. Lakin könüllü çıxıb ki, mən də gedəcəm döyüşə. Döyüş vaxtı düşmənin postunu alıblar. Lakin əks hücum olub. Güllələri qutarana kimi döyüşərək şəhid olublar", -deyə qardaşı məlumat verib.
Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapılmayıb. Tapıldıqdan sonra 21 dekabr 2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndindəki Şəhidlər xiyabanında dəfn olunub. Onun Elmidar və Şəmsi adlı iki oğul övladı qalıb.