Vüqar Əmrahov 1994-cü il avqustun 17-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub.
2000–2011-ci illərdə F. Qasımov adına Xatınlı kənd tam orta məktəbində təhsil alıb.
Vüqar Əmrahov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əmrahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 25-də Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Əmrahov Vüqar ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.