Azərbaycan üçün önəmli olan taleyüklü Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir!". Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş Tarix Həsənovdur. Tarix Şücayət oğlu Həsənov 30 yanvar 1986-cı ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olub.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluuqçusu, baş əsgər Tarix Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. Tarix Həsənov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 116 gün itkinlər siyahısında olan Tarix Həsənovun cənazəsi 28 yanvar 2021-ci ildə Göygöl şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tarix Həsənov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.