Qəhrəmanlar heç vaxt unudulmur. Son dövlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymayıb, doğma od-ocaq, torpağı uğrunda canlarından keçiblər. Belə qəhrəmanlardan biri də Cəlilabad rayonundan olan gizir Elşən Niftullayevdir.
27 sentyabr tarixində başlayan Vətən müharibəsinə qoşulan Elşən döyüşlər zamanı xüsusi qərhrəmanlığı ilə seçilib..Şəhidin atası Əfqan Niftullayev də birinci Qaraba müharibəsində iştirak edib. Onun sözlərinə görə, birinci Qarabağ müharibəsində yarımçıq qalan missiyanı Elşən və onun timsalında döyüşlərdə iştirak edən hərbiçilər tam şəkildə həll etdilər.
Şəhidin anası Arifə xanım da bildirib ki, Elşən çox vətənpərvər və səmimi bir gənc olub.
Azərbaycan Ordusunun giziri olan Elşən Niftullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Niftullayev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Niftullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bundan başqa, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Niftullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu təkcə sözdə deyil, əməldə olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Elşən kimi oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır.