Murad Valeh oğlu İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, elə həqiqi hərbi xidmətdə olanda taleyini orduya bağlamaq qərarına gəlmişdi. Vətən borcunu ödəyib evə dönəndən cəmi bir neçə ay sonra isə yenidən MAXE kimi xidmətə başladı.
Verdiyi qərarla bağlı heç vaxt tərəddüd etmədi, peşman olmadı. Daim işinin peşəkarı olmaq üçün çalışdı. 27 illik ömrünün düz 9 ilini ordu sıralarında keçirmişdi. Vətən müharibəsinə də ilk gündən həm bir peşəkar, həm də əsl qəhrəman kimi atıldı və şəhidlik zirvəsinə ucaldı.
Murov istiqamətində gedən ilk döyüşdə sücaət göstərən Murad oktyabrın 1-də başlayan ikinci döyüşə də ürəklə atılır, canı-qanı ilə vuruşur. Murad 2020-ci il oktyabrın 1-dən 2-nə keçən gecə Murov dağından Ağdərə istiqamətinə yollanıb, həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Şəhadət xəbəri doğmalarına ayın 3-də verilib. Çətin relyef şəraitində vuruşan Muradın nəşinin tapılması və dəfni isə 111 gün sonra baş tutub.
Cüssəcə nisbətən cılız olan Murada rəisləri tərəfindən dəfələrlə arxada təminat işləri aparmaq təklif olunub. Ancaq o, hər dəfə odun-alovun düz içinə atılıb.
Şəhid Murad İbrahimovun torpaqlarımızın azadlığı uğrunda fədakarlığı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Murad İbrahimovun qardaşı da hərbçidir.
Ailəli idi, Əli adlı bir oğlu Vətənə əmanət qalıb.