Nicat Qorxmaz oğlu Əlizadə 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində alıb. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirib.
Peşə təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonunda atıcı, sanitar təlimatçı kimi yerinə yetirən Nicat 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbristanlıqda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nicat Qorxmaz oğlu ölümündən sonra “ Vətən uğrunda” , "Suqovuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib.