Tural Tapdıq oğlu Həsənov 16 iyul 1994-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Şəhid Musa Tapdıq oölu Həsənovun böyük qardaşıdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qeyri-qida sektorunda çalışıb.
Tural da qardaşı Musa kimi 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb. Tərtər, Suqovuşan istiqamətlərində döyüşüb. 2020-ci il 2 oktyabr tarixində, kiçik qardaşı Musadan cəmi 3 gün sonra Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhidliyə ucalıb. Turalın cəsədi dekabrın 9-da neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Tural Tapdıq oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və ”Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Tural ailəli idi. İki oğul övladı – Hüseyn və Tapdıq Vətənə əmanət qaldı.
Müharibəyə yollanarkən Tural həyat yoldaşına "şəhid olsam, başını dik tut. Dəfnimdə bayrağı oğlum Hüseynə versinlər" – tapşırıb. O da qardaşıyla eyni döyüş yolu keçib və qardaşı kimi Suqovuşanda şəhid olub.
Anası Nəhayət Həsənova əvvəl Musanın, sonra Turalın şəhid xəbərinin gəldiyini deyir:
"Noyabrın 4-də xəbər gəldi ki, Musa idarə etdiyi tankda yanaraq həlak olub. Ertəsi gün onun nəşini gətirdilər, dəfn etdik. Düşünürdüm ki, digər övladım Tural sağdır. Onunla təsəlli taparam. Dekabrın 8-i isə onun şəhid olduğu xəbəri gəldi. Dedilər ki, oğlum döyüşdə həlak olub. Ümidlərim puç oldu. Balalarımdan mənə qalan 4 nəvəm oldu"...
O bildirib ki, Musanın 2 qız, Turalın isə 2 oğul övladı var.
Turalın xanımı Rəbiyyə Həsənova həyat yoldaşı ilə son görüşünü belə xatırlayır:
"Evdən çıxanda gəldi görüşdü. Balalarının üzündən öpdü. Dedi ki, "Gedirəm, üçrəngli bayrağa bürünüb gələcəyəm. Sənə şəhid yoldaşı deyəcəklər""...