Vətən müharibəsində əldə edilən parlaq qələbədə payı olan qəhrəmanlarımızdan biri də gizir Emin Alməmmədovdur. O, 2020-ci ilin sentyabrın 27-də düşmənə qarşı əks-hücum əməliyyatı başlayanda döyüşə ilk atılanlardan biri idi.
Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub. Gənc yaşlarından hərbçi olmağa can atırdı. MAXE kimi xidmətə başladı, sonra isə təhsil alıb gizir rütbəsinə yiyələndi. Sanki düşmənlə son savaşın yaxınlaşdığını görür və peşəkar hərbçi olmaq üçün durmadan irəli can atırdı.
Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Qəhrəman gizirimiz oktyabrın 3-də Ömər zirvəsində şəhadətə ucaldı. Şəmkir şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Emin Alməmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.