2021/09/13048-1632252781.jpg

line
Adı: Ədilov
Soyadı: Səid
Ata adı: Həsən
Doğum tarixi: 05.11.1994
Şəhid olub: 02.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Ədilov Səid Həsən oğlu 05.11.1994-cü ildə Bərdə rayonunun Cəyirli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində hərbi hissələrdən birində hərbi xidmətini başa vurub, evinə, ailəsinə dönüb və özəl şirkətlərdən birində çalışmağa başlayıb.


Səid 2020-ci il sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılıb. Əsgəri Ədilov sentyabrın 27-də başlayan Vətən müharibəsinin iştirakçısı olub. Suqovuşanın azadlığı uğrunda döyüşüb. Səid Vətən müharibəsinin ilk günlərində - 2 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Səid bu dünyaya gözlərini oktyabrın 2-də yumsa da, Vətən sevdalısı igidimizin nəşi düz 61 gündən sonra, 2020-ci il dekabrın 3-də Bərdə şəhərinə gətirilib və elə həmin gün də Şəhidlər Xiyabanında dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə də təltif edilib.

Həmçinin Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə də Prezidentin Sərəncamına əsasən Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Valideynləri evdə Səidçün xatirə guşəsi yaradıblar. Səidin ömür yolunu canlandıran şəkillər, təhsildə uğurlarından xəbər verən tərifnamələr onun haqqında təəssürat yaradır. Səidin ayaqqabıları, hərbi geyimləri də burada saxlanılır.




Şəhid atası Həsən Ədilov övladı haqqında danışarkən bildirir ki, oğlu aprel döyüşləri haqqında bir televiziya verilişinə baxarkən çox təsirlənibmiş. Bacısı ilə söhbət edərkən mənfur düşməndən şəhidlərimizin qisasını almağı arzulayırmış. Həsən Ədilov oğul itirməyinə baxmayaraq başın uca tutur. Ağlamır, kövrəlmir, dik tdayanıb. Hətta gülümsəyə-gülümsəyə danışır. Hesab edir ki, oğlu arzusuna çatıb.Vətən uğrunda canından keçməklə adını qanı ilə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə yazıb.



Səidin anası Əzizə Ədilova da məğrurdur, mətindir. Səidin uşaqlığından başlamış sentyabrın 21-nə qədər övladının həyat yolunu nəql edir. Şəhidin anası bildirir ki, Səid evin, ailənin tək oğlu idi. 26 yaşı olmasına baxmayaraq ailə həyatı qurmamışdı. Deyir ki, Səid sirrini, sözünü həmişə onunla bölüşərmiş. Sonuncu dəfə evdən çıxanda da sevinirmiş. Evdəkilərdən böyük ruh yüksəkliyi ilə ayrılıb. Əzizə ana indi oğlu ilə fəxr edir. İşğalda olan torpaqlarımızın azad olunmasında iştirak edib, şəhid olmuş oğluna görə qürur duyur. Deyir ki, Ali Baş Komandanımızın əmrlərini yerinə yetirən əsgərlərimiz alnımızdakı ləkəni təmizlədilər.




Bərdənin Cəyirli kəndinin mərkəzində Şəhidlər Bulağı inşa edilib. Ehsan bulağı I Qarabağ müharibəsi qazisi Mehman Cəfərovun şəxsi təşəbbüsü və vəsaiti ilə ərsəyə gəlib. Yaxınlıqdakı artezianı yenidən işlədərək bulağa su çəkdirib. Bərpa işlərindən sonra indi bir çox kənd sakini sudan istifadə edir.