2021/01/Scree-12889008440.jpg

line
Adı: Məmmədov
Soyadı: Oktay
Ata adı: Namiq
Doğum tarixi: 01.01.1994
Şəhid olub: 08.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
Məmmədov Oktay Namiq oğlu 1994-cü il 1 yanvarda Gəncə şəhərində anadan olmuşdur. İsmət Qayıbov adına 1 saylı orta məktəbi bitirmiş və daha sonra zərgər kimi fəaliyyət göstərməyə başlamışdır. Dininə bağlı, namaz qılan və Allahını sevən bir insan olub.


2019-cu ildə Kərbəla ziyarətində olmuşdur. İqamətgah yeri Gəncə Şəhəri olsa da, ürəyi hər zaman Ana yurdu olan Füzuli üçün döyünürdü. Füzulinin düşmən tapdağı altında olmasına dözə bilmirdi.



Qarabağa olan bağlılığı Oktayı Şəhidimiz General-Mayor Polad Həşimovun vəfat etdiyi dövrlərdə könüllü müharibə üçün yazılan igid oğullar sırasına qoşulmağa vadar etdi. Heç bir güc onu bu müharibəyə getməkdən yayındıra bilmədi və Oktay 27 sentyabrda başlayan müharibəyə könüllü olaraq qoşuldu. Oktay Ana Yurdu olan Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş və Füzulinin işğaldan azad edilməsində dərin şücaət göstərmişdir.



Noyabr ayının ilk günləri Şuşa uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşları ilə orada qəhrəmancasına döyüşmüşdür. Ailəsi ilə ən son 6 noyabrda əlaqə saxlamış və ondan sonrakı 8 gün ondan heç bir xəbər almaq mümkün olmamışdır. 15 noyabrda Oqtayın Şəhidlik zirvəsinə ucalması xəbəri gəlmişdir...



Məlum olmuşdur ki, Oqtay Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr tarixində Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmışdır. Noyabrın 16-da isə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.






Atası Namiq Məmmədov Oktayla sonuncu dəfə telefon danışığını belə xatırlayır: “Ayın 7-nə qədər telefonla əlaqə saxlayırdıq. Deyirdi ki, hər şey yaxşı olacaq, narahat olmayın. Dedi ki, ola bilsin, 2-3 gün telefonum bağlı ola bilər, narahat olmayın. Elə həqiqətən də ayın 7-dən sonra əlaqə kəsildi. Ayın 15-i də xəbəri gəldi ki, şəhid olub”.

Xidmət etdiyi hərbi hissənin fəal əsgəri olan Oktay Məmmədov 2013-cü ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən hərbi paradda döyüş bayrağını aparan əsgərlərin sırasında olub.

Əmisi İsa Məmmədov deyir ki, Oktayın arzusu anasının doğulduğu Füzuli rayonunu görmək idi. Elə Füzuli uğrunda gedən döyüşlərdə də şücaətlə vuruşdu: “Oktayla axırıncı dəfə Gəncədə görüşdüm. Deyib gülürdü həmişə. Sağollaşdı bizimlə, dedi ki, əmi, gedirik cəbhəyə, Qarabağa dastan yazmağa. Həqiqətən də dastan yazdılar bizim igidlər. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”

Oktay bibisi Şahəndə Məmmədovaya geri qayıdacağına söz veribmiş: “Balamız bir mələk idi, uçdu getdi o biri balalar kimi. Bizimlə telefonla danışanda şən idi, deyib-gülürdü. Söz də vermişdi ki, qayıdacaq, bizdə də qonaq olacaq. Fəxr edirik ki, bizim Azərbaycan oğulları torpağın, vətənin qədrini bilir. Bu, hər xalqa xas olan keyfiyyət deyil”.

Dostları onun vətənə çox bağlı və igid bir övlad olduğunu deyirlər: “Oktay mənim uşaqlıq dostum idi. Çox yaxın idik. Cəbhədə olanda da danışırdıq, ümid edirdik ki, salamat qayıdacaq, qismət belə imiş. Mərd insan idi. Onun haqqında belə bir müsahibə verəcəyim ağlıma gəlməzdi. Amma həqiqətən şəhidlik zirvəsinə layiq bir oğul idi demirəm oğuldur. Çünki o, hələ də bizimlədir. Hər birimizin yanımızdadır, qəlbimizdədir”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra " Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı i lə təltif edildi.