Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. 2003-cü ildə Daşkəsən şəhərində Anar Mürsəlov adına orta məktəbə daxil olub. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə fərqlənməyə görə çavuş rütbəsi alıb. 2015-ci ildə hərbi xidməti başa vurub.
Orxan 2016- ci ildə Müddətdən artıq Hərbi Xidmətə daxil olub, manqa komandiri vəzifəsində çalışıb. 2020-ci ildə gizir kursunu bitirib və gizir rütbəsi alıb.
Orxan Cəfərli Vətən Müharibəmizin ilk günündə Murovdağ döyüşləri zamanı şəhid olub.
O, şəhid olmamışdan öncə sağ çiyin nahiyəsindən yaralanıb. Yaralı vəziyyətdə olmasına baxmayaraq,döyüşçü yoldaşınının həyatını xilas edib. Şəhidlərimizin nəşini götürmək üçün yenidən döyüşə atılaraq, bir neçə erməni ilə əlbəyaxa olub, düşməni əllərilə boğub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Orxan Cəfərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Orxan Cəfərlinin əmisi oğlu Həmid Cəfərli də Vətən Müharibəsində şəhid olub.
Şəhidimizin həyat və döyüş yolu barədə Hicran Hüseynovanın müəllifi olduğu “Şəhid gizir Orxan Cəfərli” adlı kitab dərc edilib.