Araz Telman oğlu Məmmədov 1980-cı il noyabrın 18-də Şəmkir şəhərində anadan olub.
O, 1986-1996-ci illərdə Şəmkir şəhərində N. Nərimanov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.
Araz Məmmədov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Araz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Araz Məmmədov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəli idi. İki övladı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin 29 dekabr tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.