Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərimizdən biri də 20 yaşlı Yunisdir.
memorial.az xəbər verir ki, əslən Laçın rayonu Səfiyan kəndindən olan Yunis Zaur oğlu Əliyev 19 yanvar 2000-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bülbülə qəsəbəsindəki 232 saylı məktəbdə, daha sonra 327 saylı tam orta məktəbdə təhsil alıb.
Uşaqlıqdan hərbə və idmana olan həvəsi onu öz yaşıdlarından fərqləndirib. Yunis Vətən üçün canından keçən qəhrəmanları özünə nümunə götürürdü. O, həmçinin əxlaqı və tərbiyəsi ilə böyüklərin diqqətini cəlb edirdi.
Təhsilini bitirdikdən sonra Suraxanı rayonu hərbi komissarlıqdan çağırışla 2020-ci ilin yanvar ayında hərbi xidmətə gedib.
Yunis hərbi xidmətdə öz istəyi ilə Pulemyot Kalaşnikov (PK) markalı silahın təlimini keçib. Sentyabrın 27-sində Böyük Vətən müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb.
O, oktyabrın 3-ü Suqovuşanın işğaldan azad olunmasında da böyük şücaət göstərib, həmçinin yaralı əsgərlərə yardım etməsi ilə seçilib. Baş atıcı kimi düşmənin neçə-neçə texnikasını və canlı qüvvəsini məhv edib.
Sonuncu dəfə ailəsi ilə şəhid olmamışdan bir neçə gün öncə danışıb, hər şeyin yaxşı olduğunu söyləyib. Oktyabrın 5-i gecə Ağdərədə gedən döyüşlərdə, Batambara meşəsində çiyin-çiyinə döyüşdüyü dostlarlarını müdafiə edərkən və döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Döyüş yoldaşları deyir ki, Yunis öz PK-sı ilə düşmənin kabusu idi, o, atəşə başlayanda meşə işıqlanırdı:
“Yunis döyüş zamanı yaralı əsgər yoldaşına yardım edərkən ayağından yaralansa da, özündə güc taparaq yenidən silahı ilə düşmənə qarşı döyüşməkdə davam etdi. O, boğaz nahiyəsindən güllə yarası alaraq şəhidlik zirvəsinə ucaldı”.
Şəhidimiz Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Əliyev Yunis Zaur oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.