2021/09/11-16-1632426717.jpg

line
Adı: Əlizadə
Soyadı: Nofəl
Ata adı: Qənbər
Doğum tarixi: 13.01.1992
Şəhid olub: 28.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Nofəl Qənbər oğlu Əlizadə Bərdə rayonu Saatlı kəndində anadan olub. Ailədə cəmi iki övlad olan Nofəlin özündən başqa bir bacısı var. Nofəl həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2013-2019-cu illərdə Daxili Qoşunların sıralarında müddətdən artıq hərbi xidmət keçib. Müqaviləsi başa çatandan sonra evə gələrək sahibkarlıq fəaliyyətilə məşğul olacağını qarşısına məqsəd qoyub. Valideynlərinin bildirdiyinə görə, o planlaşdırdığı işini başa çatdıra bilməyib...



Nofəl Tovuz hadisələrindən sonra yenidən hərbi xidmətdə qayıtmaq istəyini bildirib. Onu bu fikirdən daşındırmaq istəyən atası tək oğul övladı olduğu üçün öz işini davam etdirməyini və atasına müəyyən işlərdə yardımçı olmasını deyib. Atanın bu sözünə “Ata, o şərəfsizlər generalımızı şəhid edib. Haqqını halal elə, amma mən xidmətə qayıdacağam” deyib. Bu söhbətdən sonra o, yenidən ordu sıralarına qayıtmaq üçün könüllü müraciət edib.



Nofəl II Qarabağ müharibəsi dövrünə Tərtər-Ağdərə istiqamətində döyüşüb. Ayın 28-i düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Ölümündən sonra şəhidimiz Prezidentin Sərəncamlarına əsasən, "Suqovuşanın azad olunmasına görə" , "İgidliyə görə" "Vətən uğrunda" medallarıyla təltif edilib.



Şəhidin atası Qənbər Əlizadə xatırlayır ki, iyul ayında səhər tezdən oğluna zəng gəlib:

“Telefonla danışdıqdan sonra əsəbi halda yerindən qalxıb həyətə düşdü. Düzdür, hər gün səhər tez durar, idman edərdi. Amma onu heç vax belə əsəbi görməmişdim. Nə olduğunu soruşdum. O, Tovuzda ermənilərin sərhəddəki postlarımıza hücum etdiyini dedi. Allah rəhmət eləsin, general Polad Həşimovun şəhid olmasını həzm edə bilmirdi. Rəhmətlik Polad Həşimovdan sonra dedi ki, "Mən də gedəcəyəm hərbiyə". Dedi ki, "Ata, mən yenidən hərbiyə qayıtmaq istəyirəm". Narazı oldum ilk dəfə. Dedim ki, "İş başlamısan, həm də evin tək oğlusan, qalsan yaxşıdır". Dedi ki, "Nədir ölməyimdən qorxursan?.. Polad Həşimov kimi generallarımız şəhid olandan sonra mən kiməm ki, mən də gedəcəyəm". Düzü, onun bu sözünə çox pis olmuşdum. Amma fikirindən daşındıra bilməyəcəyimi başa düşürdüm, ona görə çox üzərinə getmədim. Bir neçə gündən sonra hərbi geyimlə gəldi. Artıq xidmətə başlaması üçün əmrin verildiyini dedi. Elə, ara-sıra gəlirdi evə. Ümumi vəziyyəti soruşurdum. Hər dəfə də dediyi sözlər bunlar oludu: "Hər şey əladan da yüksək səviyyədədir. Məndən də qorxma, erməni məni öldürə bilməz”...



Qənbər kişi qürur və fəxrlə sözlərinə davam edir:

“Mən oğlumla fəxr edirəm, qürur duyuram ki, belə bir oğul yetişdirmişəm. Mənim bu gündən sonra 10 dənə oğlum olsa belə, 10-nu da göndərərəm ki, get hərbiyə, get vətənini qoru”...

“Şəhid olsam, ağlamayın, bilin ki, məni düşmənin ilk gülləsi şəhid etməyib” .



Nofəl Əlizadənin anası Ülviyyə Qəmbərova indi də oğlunun yoxluğuna inanmır:

“Hiss edirdik ki, müharibə olacaq. Hazırlıqları hiss edirdi. Elə o ərəfələrdə də getdi. Elə bil şəhid olacağını hiss etmişdi özü də. Hər dəfə söz açılanda, hər dəfə xidmətdən evə gəlib dönəndə, sanki, yoxluğuna alışdırmaq istəyirdi bizi. Oğlum orduya yazılandan sonra, deyirdi ki "Mənim sinəmə güllə batmaz, sən hələ oğlunu yaxşı tanımırsan". Cənazəsi qapıya gələndə inanmadım, mənə dedilər ki, yaralanıb. Yenə inanmadım, dedim ki, Nofəl yaralana bilməz. Axı o özü mənə həmişə deyirdi ki, "Ana, orda olan uşaqların birinə güllə batmaz" . Əlini vurub sinəsinə deyirdi ki, “Mənim sinəm dəmirdi, bura heç vaxt güllə, qəlpə, tank, top mərmisi təsir etməz. Sən möhkəm ol, mən nə deyirəm ona inan” . Çox israr elədim ki, açılsın, üzünə baxacam uşağımın. Hiss edirdim ki, mən pis olaram deyə qoymadılar üzünə baxım. Xahiş elədim ki, nə olar ən azından videogörüntülərinə baxmaq istəyirəm, inanmıram. Görüntüsünə baxanda gördüm ki, odur. Elə bildim yatıb, üzü o qədər canlı görünürdü. Sonra başının arxasından güllənin dəydiyini görəndə şəhid olduğuna inandım. O şəhid olandan bu günə qədər bir neçə gecəni çıxmaq şərtilə hər gecə ya atasının, ya da mənim yuxuma gəlir”...