Turqut Nadir oğlu Xəlilbəyli 1993-cü il iyulun 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində anadan olub. “Dədə Qorqud” Türk liseyini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olaraq hərbi həkim ixtisasına yiyələnir. Uşaqlıqdan hərbçi peşəsinə marağı vardı.
Turqut Xəlilbəyli hərbçi yoldaşlarından birini xilas edən zaman şəhid olub. Bu barədə şəhidin anasına onun döyüş yoldaşları deyiblər: “Bir gün hərbçi yoldaşları ilə Cəbrayılda mərmi atəşinə düşüblər. Turqut çətin şəraitdə yenə yaralılara yardım edirmiş. Üç yaralını atəş altından çıxarır, özü də yaralanır. Növbəti mərmi atəşi zamanı özünü digər yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın, özü isə şəhid olub”.
Atası Nadir Xəlilbəyli: “Universiteti bitirdikdən sonra Beyləqana təyinat verdilər. Elə orada da hərbçi kimi fəaliyyətə başladı və üç il işlədi. Müharibə başlayan zaman Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz xahişi ilə ön cəbhəyə yollanmışdı. Sonuncu dəfə onun yanına getmişdim. Görüşmüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, harada olduğumu anama demə, nigaran qalmasın...”
Anası Almaz Hüseynova: “Mənim xəbərim yox idi ki, Turqut müharibədədir. Nə vaxt telefonla danışsam, deyirdi hər şey yaxşıdır.Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. Hər gün telefonla danışırdıq. Şəhid olan günün səhəri danışmışdıq...”
Qeyd edək ki, Vətən müharibəsində öz peşə borcunu yetirən zaman ümumilikdə 10 nəfər hərbi həkim qəhrəmancasına həlak olub: tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev, tibb xidməti kapitanı Anar Məmmədov, həkim baş leytenantlar Nurlan Fərəməzov, Şöhrət Qasımov, tibb xidməti leytenantları Azər Şəmilov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Tariyel Salmanov, tibb xidməti giziri Eldar Abdullayev.
Azərbaycan Ordusunun leytenant hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.