Hələ yeniyetmə çağlarından Vətənə sonsuz sevgisi olan qəhrəman yaşadığı qısa ömür yolu və şəhadəti ilə gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olub. O, 2001-ci il sentyabrın 27-də dünyaya göz açıb. 2008-ci ildə Bakı şəhəri Sabunçu rayon 213 saylı liseyin 1-ci sinfə daxil olub lakin sonradan təhsilini Füzuli rayon 6 saylı Qayıdış qəsəbəsində tam orta məktəbdə davam etdirib.
Orta məktəb vaxtı da öz nümunəvi əxlaqı və vətənpərvərliyi ilə seçilib. 2019-cu ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə qürur hissi yollanıb. Xidmətinin 1-ci ilində - 19-cu yaş günündə Vətən müharibəsinin ən öndə gedən döyüşçüləri sırasında yer alan Şəmsi döyüş yoldaşları ilə bir sıra uğurlu tapşırıqlarda iştirak edərək öz şücaəti ilə seçilib. 2020-ci il sentyabrın 29-da Tərtər rayonu Şıxarx (Marquşovan) kəndi uğrunda gedən gərgin döyüşlər zamanı Şəmsi qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Şəmsi Cəfərov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “ Vətən Uğrunda ” və “ Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif olunub.