Əliyev Ramin Muxtar oğlu 1977-ci il fevralın 4-də Astara rayonunun Maşxan kəndində anadan olub. 1983-cü ildə Astara rayonunun Nizami Əliyev adına Maşxan kənd orta məktəbinə daxil olub. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin oktyabr ayının 10-da həqiqi hərbi xidmətə çağrılıb. 1998-ci il iyul ayının 18-də həqiqi hərbi xidməti bitirib.1999-cu ilin may ayından 2004-cü ilin may ayına qədər 476 saylı hərbi hissədə xüsüsi təyinatlı taqım komandirinin müavini, 2004 -cü ilin may ayından, 2004-cü ilin sentyabr ayına qədər 414 saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsində xidmət edib. 2004-cü ilin sentyabr ayında vəzifə ixtisarı ilə əlaqədar ehtiyata buraxılıb.
Ramin Əliyev 2007-ci ilin aprel ayının 22-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MAHHXHQ hazırlıq kursuna daxil olub, 2007-ci il iyul ayının 23-də motoatıcı ixtisası üzrə kursu bitirib. 2007-ci ilin iyul ayından, 2010-cu ilin oktyabr ayına qədər 156 saylı hərbi hissədə xüsüsi təyinatlı taqım komandirinin müavini vəzifəsində xidmət edib. 2010-cu il oktyabr ayından, 2019-cu il may ayına qədər 190 saylı hərbi hissədə qumbaraatan komandiri, 2019-cu il may ayının 3-dən 703 saylı hərbi hissənin tank əleyhinə bölüyünün qumbaraatan komandiri vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun çavuşu Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramin Əliyev sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ramin Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin həyat yoldaşı Natiqə Əliyevanın sözlərinə görə, Ramin çox vətənpərvər bir insan idi və buna görə də vətəni üçün canından keçdi:
"Ramin o qədər vətənpərvər biri idi ki, vətənə 23 il xidməti ilə bərabər, “Şirxan” ım deyə səsləndiyi oğlunun kiçik toyunda hamını bir nəfər kimi ayağa qaldırıb, Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdi. Hər zaman oğlu Dünyaminə deyərdi: "Şirxan! Böyüyəndə Azərbaycan bayrağını zirvələrdə dalğalandırarsan!" O, vətənpərvərliyi ilə bərabər həm də, ailəcanlı birisi idi. Yoldaşımın işdən evə gələrkən, "Nata, Şirxan" , deyə səslənməsi, hətta Dünyamin yatdıqda belə "bax, atası gəlib, indi durar" , söyləməsi, üzündəki sevinci, gülüşü, təbəssümü, nə qədər yorğun olsa da dincini oğlu Dünyaminin (Şirxanın) nazını çəkməklə çıxarması, nə olursa-olsun Dünyaminin hər istəyini yerinə yetirməsi bu xatirələrin sadəcə bir parçası ola bilər. Yoldaşım işdən evə qısa müddətlik gəlsə belə, vaxtının hər dəqiqəsini bizimlə keçirirdi. O hər zaman gülür və güldürürdü”.
Natiqə xanım şəhid həyat yoldaşı barədə danışmaqdan doymur, onu tərifləməkdən yorulmur:
"Yoldaşımın mənə yaşatdığı gözəl günləri heç vaxt unutmayacağam. Yoldaşımın qoyub getdiyi o qədər xatirələr var ki, insan hardan başlayıb, hardan bitirəcəyini bilmir. Keçən il yayda biz Astaraya getmişdik. Ramin o bir həftəni bizə o qədər gözəl yaşatdı ki, sanki cənnətdə idim. Hər gün bizi Astaranın bir-birindən gözəl yerlərinə aparıb gəzdirirdi. Ondan qalan xatirələrdən biri də oğlunun ad günündə tortu sevinclə kəsərkən, Dünyaminlə bağlı sonsuz arzulardır... Bir-birimizi gec tapdıqsa da, çox gözəl günlərimiz oldu. O heç vaxt mənə güldən ağır söz deməyib. Yəni onunla hörmətimiz də, sevgimiz də qarşılıqlı olub. Hər zaman yoldaşım ad günümdə mənə gecə yarısı mesaj yazıb təbrik edər, sonra isə qızılgül buketi hədiyyə edərdi. Əvvəllər hər şey asan idi. Oğlumuzun nazını birgə çəkərdik. Lakin indi təkəm... İndi nə oğlumun nazını çəkən atası, nə də mənə hər zaman dayaq olan yoldaşım yoxdu ... İndi sadəcə ürəyimizdəki ağrı, gözlərimizdən süzülən damcı-damcı yaş var. Dünyamin nə qədər balaca olsa da, yoldaşımın əvvəllər dediyi kimi çox "dərrakəli" uşaqdır. Dünyamin nə istəsə alıram. Amma nə etsəm də atasının yerini verə bilmirəm, mənə deyir ki, "Ana, sən alma, atam gələndə alar". Bu çox ağır dərddir. Yoldaşım ŞƏHİDDİR, CƏNNƏTDƏDİR deyib,özümü ələ alıram. Ancaq Dünyaminin "ana, atam hardadır?" sualına sadəcə susuram!... "
Şəhid xanımının həyat yoldaşına həsr etdiyi şeiri təqdim edirik:
"ÖMRÜMDƏN KEÇDİ ƏLİYEV RAMİN,
TƏK TƏSƏLLİM OLDU OĞLUM DÜNYAMİN
BİRLƏŞİB OLDUQ HAMIMIZ BİR CAN,
YAŞA! YAŞA! CAN AZƏRBAYCAN!"