Vüsal Şəmsəddinoviç Omarov 1989-cu il iyulun 7-də Kemerovo vilayətinin Prokopyevsk şəhərində anadan olub. 1995-2006-cı illərdə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki qızı yadigar qaldı.
Vüsal Omarov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi.
Tank komandiri Vüsal Omarov “Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində Azərbaycanı təmsil edən şəxsi heyətin tərkibində olub. Vüsal fərdi ustalıq nümayiş etdirərək komandasının 16 ölkə arasından 4-cü yeri tutmasında xüsusi rol oynayıb.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Vüsal Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Vüsal Omarov sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.