Mehdili Eşqin Tərlan oğlu, 2001-ci ilin oktyabrın 10-da Beyləqan rayonunun Baş Əlinəzərli kəndində anadan olub. Oktyabr ayında dünyaya gələn Eşqin, 2019-ci ilin oktyabrında hərbi xidmətə yola düşüb. 2020-ci ilin oktyabrın 14-ü şəhid olub.
Eşqin anasını itirəndə 12 yaşı olub. 3 qardaşın sonbeşiyi olan Eşqin anasının yoxluğu ilə barışmaqda çətinlik çəkib. Bir az ərkəsöyünlük edirmiş amma ailədə hərkəs onu çox sevib. Evdə özü üçün otaq ayırmaq istəyən Eşqinin atası indi onun istədiyi otağı onun üçün ev muzeyi edib.
Eşqinin qəhrəmanlığı ilə qürur duyan, amma yoxluğuna barışa bilməyən bibisi qızı Dünya, babalarının ən çox sevdiyi nəvəsinin Eşqin olduğunu deyir: Məhz buna görə də babam ona NƏR balam deyirdi.
Eşqinin bu dünyadakı diləklərinin hamısı oktyabr ayında baş tutdu. Kəlbəcərdə başlayan döyüş yolu, Cəbrayıl və daha sonra Füzulidə bitdi. O vətən yolunda bitirdiyi gənc ömrünü əslində ölümsüzləşdirdi. Mükafatların ən alisini - Şəhidlik zirvəsini fəth edən Eşqinin qəhrəmanlığını Ali Baş Komandan da qiymətləndirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Eşqin Mehtili ölümündən sonra "Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.