Dəyanət Ələsgər oğlu Əliyev 1982-ci il sentyabr 18-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 2000-ci ildə Hacıbədəlli kənd tam orta məktəbini uğurla başa vurub. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
2009-cu ildən müddətdən artıq hərbi xidmətə başlayan Dəyanət 2015-ci ildə tank komandiri kursunu müvəffəqiyyətlə tamamlayıb. Təlim və döyüşlərdə əzmkarlığı, fədakarlığı, bacarığı ilə hər zaman başqalarından seçildiyi üçün III dərəcəli “Qüsursuz xidmətə görə" və Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə 26 iyun 2013-cü ildə “Yubiley medalı” ilə təltif edilib.
O, 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub, düşmənə qarşı mərdliklə döyüşüb.
İkinci Qarabağ müharibəsi başlamamışdan öncə sentyabr ayının 21-də son dəfə evinə, sevdiyi ailəsini görməyə gələn Dəyanət cəbhəyə geri dönəndə ömür-gün yoldaşına bu sözləri deyib: "Ola bilsin ki, bu, sizlərlə son görüşümdür. Uşaqları sənə, səni isə Yaradanımıza əmanət edirəm!"
Gizir Əliyev 2020-ci il sentyabrın 27-də dədə-baba torpaqlarımızın azad edilməsi naminə başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlər zamanı təcrübəli hərbçi, öz peşəsinin vurğunu olan Dəyanətin idarə etdiyi tank düşmənin atdığı mərmi nəticəsində yanmağa başlayıb. Özü yanan tankln içindən çevik şəkildə çıxsa da, orada qalan iki döyüş yoldaşı üçün geri qayıdıb. Onlardan biri öz həmyerlisi Xəzər Bayramlı olub.
Dostlarını darda qoymayan qorxmaz Vətən oğlu çox çalışsa da, döyüş yoldaşlarını xilas edə bilməyib və bu zaman mənfur düşmənin atdığı ikinci mərmi nəticəsində özü də ağır yaralanıb. Dəyanət Əliyev Müdafiə Nazirliyinin mərkəzi hospitalına çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalıb, o, oktyabrın 23-ü şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra Ağcabədinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "Vətən uğrunda" , Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını mərdlik və igidliklə yerinə yetirdiyi üçün "İgidliyə görə" və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün də “Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Dəyanət Əliyevin yaşadığı Həcıbədəlli kəndində adına küçə verilib və ehsan bulağı çəkilib.
Şəhidimiz özündən sonra xalqına iki oğul övladı əmanət edib.