Bəxtiyar Aslanov 28 dekabr 1998-ci ildə dünyaya göz açıb. Əslən Şuşa rayonundan olub. Birinci Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşıb.
Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissədə qulluq edib.
Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağın azad olunması uğrunda döyüşüb. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edib. Bundan sonra, Bəxtiyar Aslanov və təxminən 7 nəfər sursatı bitdiyinə görə əlbəyaxa döyüşüblər.
Ailəsi ilə sonuncu dəfə 27 sentyabr 2020-ci ildə əlaqə saxlayan Bəxtiyar Aslanov 30 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapılıb və 13 fevral 2021-ci ildə ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.