Mehdi Muxtar oğlu Murtuzov (10 iyul 1997, Alpan, Quba rayonu – 2 oktyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur.Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir.
Hərbi xidməti
Murtuzov Mehdi iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanmış, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilmişdir. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə almışdır. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.
Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanır. Yaralanmasına baxmayaraq öz təkidi ilə onu yenidən döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə zəfərin bizim olacağını demişdir.
Vəfatı
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şimal cəbhəsində baş vermiş Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər nəticəsində oktyabr ayının 2-də Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində özünü müdafiə edə bilməmiş və şəhadətə ucalmışdır.
Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən götürmək mümkün olmamışdır. Hətta onun itkin düşməsi barədə də məlumat verirdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarlamış və 23 noyabr 2020-ci ildə döyüş bölgəsindən çıxarmağa nail olmuşlar. Mehdi doğulub böyüdüyü Alpan kəndində, 24 noyabr tarixində Subaba qəbiristanlığında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı və 29 dekabr 2020-ci il Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Şəxsi həyatı
Ailədə 2 qardaş, 1 bacı olublar. Ailənin ən böyüyü olan Mehdi ailəsinin və qohumlarının ilk sevinci olmuşdur.