Şəhid İlqar Elçin oğlu İbrahimov 25 iyul 2002-ci ildə Astara rayonunda dünyaya gəlib. 2008-2019-cu illərdə Elşən Baxşıyev adına Rinə tam orta kənd məktəbində təhsil alıb. Yaxşı oxumaqla yanaşı bütün ictimai işlərdə fəal iştirak edib. Yaşına baxmayaraq hörmətili idi, hamının sevimlisi idi İlqar.2020-ci ilin iyulunda hərbi xidmətə çağırılıb.
İlqar Vətən müharibəsi dövründə qızğın döyüşlərdə iştirak edib.
3 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Ölümündən sonra şəhid İlqar Elçin oğlu İbrahimov
"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif edilib.
Oxuduğu məktəbin direktoru
Fikrət Kəkəyev İlqar haqqında deyir:
"Biz onlara uşaq deyirik. İllər sonra da məzunlarımız bizim üçün uşaq olaraq qalır. Amma bu uşaqların arasında İlqar kimi yaşından tez böyüyənlər də olur düşüncəsinə, davranışına görə. Çox zəki idi. Boy-buxunlu, qamətli idi. O saat diqqət çəkirdi. Yaxşı oxuyurdu. İnanırdıq ki, o bizim fəxrimiz olacaq. Çünki o, adi deyildi. Xalqımız qürurlu xalqdır. Və öz qürurunu qoruyub həmişə. Məhz bu qüruru İlqar kimi oğullar qoruyub. Yurdunu, elini, obasını sevən biri idi".