Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Qurban Qiniyaz oğlu Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb.
Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Koroğlu -3” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olmuşdur.
Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.