Nəcəf Hüseynov 1992-ci il sentyabrın 30-da Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Nəcəf uşaq yaşlarından anasını itirərək nənəsinin himayəsində böyüyüb. Ən böyük arzusu əsgər olmaq idi. Elə bu məqsədlə könüllü olaraq ordu sıralarına yazılıb və Müddətdən Artıq Hərbi Qulluqçu kimi xidmətə başlayıb.
Uşaqlıq arzusunu həyata keçirən Nəcəf Vətən Müharibəsində böyük şücaət göstərərək, düşmənin ürəyinə qorxu hissi salıb. O, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
2020-ci ilin sentyabrın 30-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nəcəf Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nəcəf Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Nəcəf şəhidlik zirvəsinə ucalaraq Azərbaycan xalqının qüruruna çevrildi. Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Onlar ölməz ruhla, gedir üzü Allaha, ana yurdu tutdular candan baha, yollar açdı, qaranlıqdan sabaha.