Adəm İlqar oğlu Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailə Kürdəmirə köçüb. Məktəbi bitirdikdən sonra Adəm Bakıda əczaçılıq kursuna yazılıb. 2019-cu ildə kursu bitirib və hərbi xidmətə yollanıb. 3 ay Gəncədə N saylı hissədə xidmətdə olub. Aprel ayında isə Daşkəsən rayonu Xoşbulaq kəndində N saylı hərbi hissədə ön cəhbədə qulluq edib, həm də müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Adəm Əliyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra Adəm İlqar oğlu Əliyev Respublika Prezidenti İlham Əliyevin Sərəncamları əsasında "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
20 yaşlı oğlunun qəhrəmanlıqlarından, mərdliyindən və şücaətindən danışan anası Akifə Ağayeva bildirir ki, arzuları yarımçıq qalan övladının itkisini dilə gətirmək onun üçün qəbul etmək istəmədiyi acı bir həqiqətdir. 7 yaşından övladlarını təkbaşına böyüdən qəhrəman şəhid anası deyir ki, Adəm çox güclü, fədakar və istiqanlı uşaq olub:
"Uşaq vaxtı tez-tez xəstələnərdi. 4 yaşı olanda kirayə qaldığımız evin həyətində 2 metrlik lilli su quyusuna düşmüşdü, daha doğrusu qonşu uşağı onu quyuya itələyib qaçmışdı. O quyudan özü pilləkənləri tapıb birtəhər sağ-salamat çıxmışdı. O vaxt ev sahibi dedi ki, "Bala, daha sənə ölüm yoxdur". Mən bu sözə o qədər inanmışdım ki, heç vaxt ağlıma gəlməzdi, körpəmin ömrü belə yarım qalacaq. Adəmin elə gözəl arzuları vardı ki..."
Ana söhbətinə davam edir:
"İki oğlum var, uşaq yaşlarından onları təkbaşına böyüdüb, boya-başa çatdırmışam. İki qardaş ağılları kəsəndən əzab-əziyyət görüblər. Adəm 15 yaşından səhər məktəbə gedirdi, günortadan sonra işləyib pul qazanırdı ki, mənə kömək olsun. Kənd həyatını çox sevirdi. "Mən baytar olacağam", deyirdi, etiraz etmirdim, gülürdüm"...
Qəhrəmanın anası qeyd edir ki, Aprel döyüşlərində həmyerlisi, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılovun şəhid olması Adəmi çox sarsıdıb:
"Bir gün dedi ki, "Ana, Əbubəkrə şeir ithaf etmişəm" . Oğlumun ürəyindəki Vətən sevgisi məni təəccübləndirmişdi. Sonra hey eşidirdim ki, Adəm rep deyir. Saçı çeçenka oldu, geyimi dəyişdi. Acığım tuturdu, hərdən deyirdim ki, "Bala, hamı sənin geyimindən, saçından danışır". O dəqiqə qucaqlayıb könlümü alırdı ki, "Ana, darıxma, bir gün də məşhurluğumdan danışacaqlar"... O, repi nəzərdə tuturdu, amma şəhadəti ilə məşhur oldu, əbədiyyətə qovuşdu...
Akifə xanım sözlərinə davam edir:
"2016-cı ildə dostu Əvəz əsgər gedəndə onun üçün rep yazmışdı. Nə yaxşı ki, onda balamın arzusuna qarşı çıxmadım. Həmişə arxasında durdum. Çox sevirdi rep deməyi. “Son zəng”-i üçün də rep yazmışdı, Bakıya gəlib studiyada həvəslə aranjeman etdirmişdi. Amma “Son zəng” günü məktəbin direktoru rep oxumağa icazə vermədi. Mən də orda idim. Adəm çox pis oldu, evə gələndə gördüm ki, yazdıqlarını yandırır... O gün yadıma düşəndə ürəyim parçalanır. Qucaqlayıb öpdüm ki, "Ana qurban, pis olma". Elə onda Adəm söz vermişdi ki, adını tarixə yazdıracaq. “Yolumu kəsənlərin acığına elə məşhur olacağam ki, bütün Azərbaycan məndən danışacaq” , dedi. Adəm bu sözü çox yana-yana dedi, sözündə də durdu balam. Çox bacarıqlı uşaq idi, eyni vaxtda musiqi məktəbinə gedib həm qarmon, həm nağara ifa etməyi öyrənib, həm də, kikboksinqlə məşğul olub. 10 yaşından məscidə gedib namaz qılırdı, ərəb dilini mükəmməl öyrənmişdi”.
Şəhid anasının sözlərinə görə, Adəm Kərbəla şəhidi olacağını gündəliyinə qeyd edib:
"Şəhid olandan sonra gündəliyini tapdım, nədənsə məzuniyyətə gələndə evdə qoymuşdu. Adəmin başqa bir dostu 2018-ci ildə şəhid olmuşdu. Daşkəsənə xidmətə gedəndən sonra zəng vurub dedi ki, "Ana, bilirsən hara gəlmişəm, Fuadın şəhid olduğu yerə"... Çox ağladım, dedi, "Narahat olma, buranın yolunu düzəldiblər". Fuad uçquna düşmüşdü. 3 gün sonra tapmışdılar. Dedi ki, Fuad tapılanda sağ olub, yollar yaxşı olmadığı üçün çatdıra bilməyiblər... Gündəliyində Fuad haqqında yazmışdı ki, "Sağ olsaydın indi bir yerdə xidmət edirdik. Nə bilmək olar, bəlkə mən də sənin kimi şəhid oldum". İndi məzarları düz Fuadla yanaşıdır. Məni aldatdı, özünü də hospitala çatdıra bilməyiblər, yolda şəhid olub balam. Adəm heç vaxt xidmətdəki çətinlikdən danışmayıb. Yanına gəlməyə də qoymazdı. Gündəliyini oxuyandan sonra bilmişəm ki, balam odun-alovun içində olub. Buna baxmayaraq, təyinatı gələndə sevindiyindən qanad açıb uçurdu. Əslində o müharibənin olacağını bilirdi. Zəng edəndə deyirdi ki, "Sən özündən muğayat ol, mən də yaxşı olum"... Görüntülü danışırdıq, yatana kimi söhbət edirdi ki, darıxmayım”.
Akifə ana oğlu ilə son dəfə sentyabrın 25-i görüntülü danışıb:
"Sentyabrın 26-sı yazdı ki, "Ana, yuxarı qalxırıq, imkan olanda yığacağam. Özündən muğayət ol", sonra telefonu söndürüb. Sentyabrın 27-si müharibə başladı. Cəbhəyə gedən gündən güclü təlimlər keçirdilər. Oğlum müharibənin ilk səhifələrinə qanı ilə tarix yazdı. Sentyabrın 27-si silahdaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüşə yollanıb. Çox şiddətli döyüşlər nəticəsində 5-6 post almağa müvəffəq olublar. 28-i isə axşam oğlumun şəhid xəbəri gəldi. Həmin gün ürəyimə daş asılmışdı, oğlum Arif elə hey sakitləşdirməyə çalışsa da, özümə gələ bilmirdim. Saat 8-də şəhid olması xəbəri gəldi. Adəmim arzusuna çatdı, şəhid oldu...”