Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Əliyev ərazi bütövlüyümüzün bərpası naminə başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Xəyal sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra
"Vətən uğrunda" , Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün
"Füzulinin azad olunmasına görə" , ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə üçünsə
“Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Şəhidin atası
Saleh Əliyev deyir ki, Xəyalın ən böyük istəyi işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Bu istək onu ön cəbhəyə - Vətən torpaqları uğrunda döyüşlərə aparıb:
"Xəyal 2019-cu ildə hərbi xidmətini başa vurub gəldi. Dedi ki, "Hərbiçi olmalıyam, torpağımın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməliyəm". Beləcə də getdi, Vətənə qulluq elədi. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərindəki əməliyyatlarda iştirak edərək böyük şücaət göstərdi. Yoldaşları deyirlər ki, döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib".
Şəhid anası
Ofelya Hacıyeva bildirir ki, Xəyalın arzuları çox idi:
"Özü üçün xəyallar qurmuşdu, qismət olmadı... Amma Vətəni işğaldan azad etmək arzusuna çatdı. Deyirdi ki, "Oxuyacağam, işləyəcəyəm, məni televizorda görəcəksiniz". Ancaq ürəyində qaldı. 21 yaşında şəhid oldu. Vətən yolunda şəhid oldu. Şəhidlərin hamısına qurban olum..."
Şəhidin qardaşı
Taleh Xəyalla qürur duyduğunu deyir:
"Fəxr edirəm ki, bu cür qardaşım var. Sakit uşaq idi. Heç kimlə işi olmazdı. Axşam yuxuma girmişdi, sabahısı gün şəhid oldu..."