2007-ci ildən Bakı şəhərindəki İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə təhsilini davam etdirib. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna həqiqi hərbi xidmətə yollanıb.
Murad müharibə başlayan gün - sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb və elə həmin gün komandiri ilə birlikdə Şəhidlik zirvəsinə ucalıb. Biləcəri qəsəbəsində torpağa tapşırılıb.
Hüzr mərasiminə gələn tələbə yoldaşlarının dediyinə görə, son dəfə görüşərkən hərbi xidmətə gedəcəyini və şəhid olacağını deyibmiş. Murad o müqəddəs adı qazandı. Şəhidlik - insanın Vətənə göstərdiyi sevginin ən ali məqamıdır. Muradın bu məqama çatması onun Vətəninə necə bağlı olduğunu bir daha sübut etdi. Vətən igid övladları, qəhrəman döyüşçüləri, müqəddəs şəhidləri ilə Vətən olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Vəliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.