Qalayçıyev Faiq İsrafil oğlu 16 dekabr 2001-ci ildə Balakən rayonunun Kortala kəndidə anadan olub. 2008-2019-cu illərdə həmin kənddə Qurban Nağıyev adına tam orta məktəbdə təhsil alıb. 2020-ci ilin yanvar ayından müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında pulemyotçu vəzifəsində xidmətə başlayıb.
Faiq xidməti müddətində intizamlı olub, hərbi njizamnamələrin tələblərini sözsüz və dəqiq yerinə yetirib. Hərbi anda sadiq olub. Ürəyində daim vətən sevgisi ilə yaşayan Faiqin ən böyük arzusu işğal altında olan torpalqrımızın azad edilməsi idi.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəmizdə Cəbrayıl və Zəngilan rayonları ərazisində döyüş əməliyyatlarında iştirak edən Faiq cəsarəti ilə fərqlənib, komandirlərinin və yoldaşlarının rəğbətini qazanıb.
İran İslam Respublikası ilə dövlət sərhədi bərpa olunduqdan sonra Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərə qatılan Faiq 2020-ci il, noyabrın 1-də 949.0 yüksəkliyini düşməndən azad edərkən rəşadət göstərərək qəhrəmancasına şəhid oldu.
2020-ci il, noyabrın 3-də Balakən rayonunun Kortala kəndində dəfn edilib.
Əsgər Qalayçıyev Faiq İsrafil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.