Gizir Əliyev Rüfət Füzuli oğlu 6 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Bakı şəhəri Xətai rayonu 27 saylı məktəbində alan Rüfət 2014-cü ildə Azərbaycan Kooperasiya Üniversitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə ali təhsil alıb. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Rüfətin aldığı ali təhsil qısa müddətdə hərb sənətinin incəliklərinə yiyələnməsinə kömək etdi. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatıldı. Füzuli və Cəbrayılın bir sıra yaşayış məntəqələrinin azad olunmasında yaxından iştirak edib. Bu döyüşlərdə bir neçə halda yaralı yoldaşlarını döyüş meydanından çıxardaraq onların həyatını xilas edib. Zəngilan şəhərinin azad olunması uğrunda döyüşlərdə Rüfət şəxsi fədakarlıq göstərmiş, xeyli sayda düşmən əsgərini məhv edib.
Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra İran İslam Respublikası dövlət sərhədinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanla dövlət sərhədində yerləşən strateji yüksəliklərin azad olunması mühüm əhəmiyyət daşıyırdı. Rüfətin də qatıldığı gərgin döyüşlərin nəticəsində həmin yüksəkliklər bir-bir düşməndən azad olundu. Böyük Zəfərə iki gün qalmış noyabrin 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə gizir Quliyev Rüfət şəhidlik zirvəsinə ucaldı.
Gizir Əliyev Rüfət Füzuli oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
8 noyabr 2020-ci ildə Bakı şəhərində Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir.