Gizir Əmirli Tofiq Şəmsəddin oğlu 27 fevral 1992-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.
1998-2009-cu illərdə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində təhsil almışdır. 2010-2011-ci illərdə Naxçıvan sərhəd divizyasinda müddətli həqiqi hərbi xidmətdə olub. Sərhədçi peşəsinə olan marağı 2014-cü ildə Tofiqi yenidən Dövlət Sərhəd Xidməti sıralarına qaytardı. 2015-ci ilin fevral ayında təlim kurslarını uğurla başa vuran Tofiq 04.05.2018-ci il tarixədək Çevik Hərəkət Briqadasında manqa komandiri, kəşfiyyatçı vəzifələrində özünü peşəkar hərbçi kimi göstərib.
İşgüzar keyfiyyətlərinə görə 2018-ci ildə Çevik Hərkət Qüvvə¬lərinin Çevik Hərəkət Dəstəsinə seçilən Tofiq zəhmətsevərliyi və intizamı sayəsində qısa müddət ərzində əməliyyatçı-snayper kimi formalaşdı. Vətən müharibəsinin ilk günlərindən Füzuli rayonunun işğal altında olan ərazilərinin azad olunması uğrunda döyüşlərə qatılan Tofiq öz bacarığı və qorxmazlığı ilə fərqlənib. Cəbrayıl və Qubadlı rayonunun işğal altındakı kəndlərinin azad olunmasında əsl rəşadət göstərib və oktyabrın 13-də qəhrəmancasına şəhid olub. Subay idi.
Gizir Əmirli Tofiq Şəmsəddin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 14 oktyabr 2020-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dəfn olunub.
Şəhidimizin atası, coğrafiya müəllimi Şəmsəddin Əmirli deyir ki, Tofiqi evləndirmək istəsələr də, o, hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edib: “Tofiqi evləndirmək istəyirdik, hər dəfə anası ona qız tapırdı, amma müxtəlif bəhanələrlə evlənməkdən imtina edirdi. Mən artıq bilirdim o, niyə evlənmir. Tofiq hər şeyi yaxşı bilirdi. Mən onun yaralı komandiriylə görüşdüm. Məlum oldu ki, Tofiq Cəbrayılın Minək kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Səngərdə susuz qalan əsgər yoldaşlarına 500 metr uzaqdan təhlükəli olsa da, su gətirib. Bu haqda komandiri mənə danışdı. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı yaralansa da, Tofiq şəhid olub. Tofiq həm də yaralı hərbçi yoldaşının övladının kirvəsidir. Onlar dost idilər”.
Şəhid atası oğlunun şəhid olduğunu yuxuda gördüyünü deyir: “Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da nəsə bilsin. Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah aşağı mərtəbədədir. Anasını yuxudan oyadırdım ki, silahın yerini desin, çünki düşmən yaxınlaşırdı. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi. Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, “şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə”. Amma elə belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi”.