Baş gizir Allahyarov Şahin Hüseynbala oğlu 29 yanvar 1993-cü ildə Hacıqabul rayonunda anadan olub. 1999-2010-cu illərdə Quba rayonu Zizik kənd Əli Heydər adına tam orta məktəbdə təhsil alıb. 2011-2012-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
2016-cı ildən Dövlət Sərhəd Xidməti sıralarına qəbul edilib. Zaqatala sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət etdiyi dövrdə özünü bacarıqlı hərbiçi kimi göstərib. 2019-cu ildən Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasında kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirən Şahin mənfur düşmənlə üzbəüz xidmət aparmağı ilə qürur duyardı.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin bir sıra yaşayış məntəqələrimizin azad olunmasında qəhrəmanlıq göstərib. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib.
Oktyabr ayının 20-də baş gizir Allahyarov Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızıb, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərib.
Şahinin son döyüşü Şuşa şəhəri uğrunda oldu. Vətən müharibəsinin gedişatında xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad olunması cəsur kəşfiyyatçı Şahin Allahyarovun ən böyük arzularından biri idi. Lakin bu onun sonuncu döyüşü olub. 31 oktyabrda 2020-ci il tarixdə Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailəli idi. 2 övladı var. Vəsiyyət etdiyi kimi, ölümündən sonra dünyaya gələn oğluna Şahin adı qoyulub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
3 noyabr 2020-ci ildə Quba rayonunun Zizik kəndində dəfn edilib.