Bu gün Azərbaycanın hər bölgəsində millətimizin başını göylərə ucaldan və xalqımızın şərəfini qoruyan qəhrəman oğulların məzarları ziyarət yerinə çevrilib. Vətən uğrunda müharibədə igidlik göstərən, döyüş nümunəsi ilə öyünüləsi, fəxr ediləsi və gələcək nəsillərə Vətən, torpaq, millət sevgisində nümunə olan qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir tarix, böyük əsərlərin mövzusudur...
Sentyabrın 27-də başlayan Vətən müharibəsində Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindən 20-yə yaxın mərd övladımız iştirak edib. Savaşın ən qaynar yerlərində, ən təhlükəli nöqtələrində yer alan bu mərd oğullardan biri də 26 yaşlı baş leytenant Fuad Nazim oğlu Əlizadə olub. Fuad qısa ömür yaşasa da, əsl Vətən oğlunun ən çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirib.
Fuad 1994-cü ildə Şahbuz rayonunun Kolanı kəndində doğulub, Naxçıvan şəhərində böyüyüb başa çatıb. Hərbə, hərbi formaya, ən başlıca isə Vətənə olan bağlılığı onu 2008-ci ildə Naxçıvan şəhərindəki hərbi liseyə gətirib. 2015-ci ildə Ali hərbi məktəbdə təhsilini başa vurub leytenant rütbəsi alıb. Hələ gənc leytenant olmasına baxmayaraq, zəfər yolumuzun başlanğıcı olan Aprel döyüşlərinin fəal iştirakçısı olub.
Qəhrəman şəhidimiz oktyabrın 12-sinə qədər Murov dağın müdafiəsində, 12-sindən sonra isə Füzuli, Cəbrayıl, Qubadlının azad olunmasında misilsiz şücaətlər göstərib. Şuşa qalasının fəthinə, ən əsası isə böyük qələbəmizə yol açan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə noyabrın 7-də şəhadətə qovuşub. Nəşi noyabrın 30-u doğma torpağına gətirilib.
Gülər üzlü Fuad Ali Baş Komandan tərəfindən şəhadətindən əvvəl “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” , ölümündən sonra isə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarıyla təltif edilib.
Həmkəndlisi Elxan Şükürlü təəssüflə qeyd edir ki, ərəbcədən tərcümədə adı “ürək” mənasını verən 26 yaşlı Fuadı elə döyüşçü dostları da məhz cəsur ürək sahibi olduğundan “Laçın dəhlizi”ni ələ keçirmək uğrunda döyüşlərə yollanan ilk xüsusi əməliyyat qrupunun tərkibinə almışdılar. Silah yoldaşları Fuadı cəsur ürək sahibi kimi tanıtmaqda yanılmayıblar...
Baş leytenant Fuad Əlizadənin qardaşı Fərid Əlizadə 44 günlük Qarabağ savaşında həlak olanların xatirəsinin unudulmayacağını dilə gətirir:
“Vətən uğrunda canlarını fəda edən Fuad kimi oğullar bilirdilər ki, Vətənin - Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərirlər. Şəhid qanları ilə suvarılan torpaqlarımızın hər qarışı bizə müqəddəsdir.”