Leytenant Habil Qabil oğlu Əbdürrəhimli 26 sentyabr 1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya göz açıb. 2014-cü ildə Zöhrab Rüstəmov adına tam orta məktəbi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olub. 2018-ci ildə təhsilini tamamladıqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tağım komandiri olaraq xidmətə başlayıb. Qısa müddətdə şəxsi intizamı, bilik və bacarığı, idarəetmə qabiliyyəti ilə fərqlənən Habil 2020-ci ilin martından bölük komandiri vəzifəsinə irəli çəkilib. Leytenant Əbdürrəhimli 2019-cu ilin avqust-sentyabr aylarında Turkiyə Respublikasında komando kurslarının iştirakçısı olub. Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə mükafatlandırılıb. Şəhidimiz ailəli idi, bir övladı var.
Xüsusi Təyinatlı dəstənin bölük komandiri olan Habil Əbdürrəhimli 44 günlük Vətən müharibəsində Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yerləşən strateji əhəmiyyətli bir sıra yüksəkliklərin azad edilməsi əməliyyatlarına başçılıq edib və tabeliyində olan bölüklə bərabər vəzifə tapşırığının yerinə yetirilməsində xüsusi olaraq fərqlənib. Noyabrın 1-də 1117.0 yüksəkliyinin, 7-də isə Zəngilan rayonunun Ağbənd kəndi istiqamətindəki 811.0 yüksəkliyinin azad edilməsində parlaq nümunə göstərib. 8 noyabrda elə bu yüksəkliyi geri almaq üçün düşmən əks-hücuma keçib. İgid Habilin başçılıq etdiyi bölük düşmənin əks-hücumunu dəf edərkən igid leytenant snayper gülləsi ilə şəhid olub. Tabeliyindəki əsgərlər Qasımov Murtuza və Hüseynov Vüsal da qəhrəmancasına şəhid adını alıblar. Cəsur leytenantın uğrunda döyüşdüyü posta onun adı verilib. Şəhidimiz Şəmkir rayonunun Sabirkənd kəndində dəfn edilib.
Leytenant Habil Qabil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı Sərəncamlarla “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.