Kiçik gizir İbrahimli Nail Nəriman oğlu 1994-cü il mayın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Nail İbrahimli 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xaçmaz kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nail İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən,Nail İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.