Kiçik gizir Sultan Mikayıl oğlu İbrahimov 24 aprel 1996-ci ildə Salyan şəhərində anadan olub. Salyan şəhəri 1 saylı humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-cü ildə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində davam etdirib. 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Soltan 4 aylıq «Dənizçi mütəxəssislərin hazırlanması kursu»nu müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində xidmətə başlayıb. Xidmət etdiyi dövrdə özünü bacarıqlı və intizamlı sərhədçi kimi göstərib.
Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq Çevik Hərəkət Dəstəsinin tərkibində cəbhəyə yollanan Sultan döyüşlərdə əsl qorxmazlıq nümunəsi göstərib, öz fədəkarlığı ilə döyüş yoldaşlarına dəstək olub. Zəngilan şəhərinin azad olunmasında rəşadət göstərən Sultan oktyabrın 21-də Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Oktyabrın 24-də Salyan şəhərində dəfn edilib.
Kiçik gizir Sultan Mikayıl oğlu İbrahimov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz müharibədən əvvəl işini DSX-nin xüsusi təyinatlılarına dəyişmək istədiyini bildirib, atasından xeyir-dua istəyib. Mikayıl ata o anları belə xatırlayır:
“Səbəbini soruşdum. Dedi ki, "Ata, səni Qarabağa çağırsalar getməyəcəksən?", "Canla-başla gedərəm", dedim. Sonra xeyir-dua verdim. 10 günlük təlimlərə qoşuldu. Bir həftə sonra dedi ki, "Məni təbrik et, artıq xüsusi təyinatlıyam"”.
Müharibə başlayanda Sultan və onun yoldaşları döyüşlərə yollanıb. O, atasına deyib ki, Murovda hava çox soyuqdur, yaralılar olur, köynəyimlə onların yarasını sarıdım. Mikayıl ata bundan çox qürurlanıb, Sultanla fəxr etdiyini bildirib.
Daha sonra qəhrəman şəhidimiz Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edir. Deyirmiş ki, “hər şey yaxşıdır. Ermənilərlə aramızda 150 metr məsafə var. Yaxın gedən kimi silahlarını atıb qaçırlar. Çox qorxaqdırlar”.
Atasına deyib ki, qismətimizdə nə varsa, onu da yaşamalıyıq. Allah bilən məsləhətdir. Şəhidlik zirvəsinə ucalmaq ən böyük arzusu imiş. “İnsanlar şəhid olaraq bu dünyanı dəyişəcək, onsuz da ölüm sizi haqlayacaq”, deyib atasına.
Sultan atası ilə danışanda bildirirmiş ki, ermənilər ölən əsgərlərini ayaqlarından sürüyüb aparır, biz isə şəhidlərimizi, yaralılarımızı qucağımızda aparırıq.
Mikayıl ata həmişə oğlunu dəstəkləyib, onu mübarizəyə səsləyib. Sultan və silahdaşları Xudafərin körpüsünə bayrağımızın sancılmasında böyük şücaət göstəriblər. DSX-nin rəsmisi atasına deyib ki, sərhədlərimizin bərpa olunmasında Sultanın böyük rolu olub: “Sultan çox böyük qəhrəmanlıq göstərib. Cəbrayılın azad olunmasında onun da payı var. O, Dövlət Sərhəd Xidmətinin başını uca etdi”, - polkovnik belə qeyd edib.