2021/09/16227-21221258240.jpg

line
Adı: Əliyev
Soyadı: Rəvan
Ata adı: Yusif
Doğum tarixi: 27.05.2001
Şəhid olub: 22.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Zəngilanın azad olunmasına görə» medalı
Rəvan Yusif oğlu Əliyev 27 may 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü isə ata yurdu Qubada keçib. 2007-ci ildə Quba rayonu 3 nömrəli məktəbin 1-ci sinfinə gedib. Bir il sonra balaca Rəvan dərslərilə yanaşı, həm də Quba şəhər İncəsənət Məktəbində tar və fortepiano ilə də məşğul olmağa başlayıb. Musiqiyə, poeziyaya həvəsli olub Rəvan. Kiçik yaşlarından şeir, mahnı yazıb. Məktəbi bitirdikdən sonra gənc Rəvan təhsilini Bakı İdarəetmə və Texnologiya Kollecində davam etdirib.



Təhsilini başa vurduqdan sonra Rəvan Əliyev 2019-cu ilin iyul ayından müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərindəki Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında atıcı vəzifəsində xidmətə başlayıb. Əsgər Əliyev xidməti zamanı ona verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlib, hərbi nizamnamələrin tələblərinə ciddi riayət edən bir əsgər olub. Vətən müharibəsi başlayanda Rəvan böyük ruh yüksəkliyi ilə ön cəbhəyə yollanıb. Ağdam və Cəbrayıl istiqamətlərində döyüşüb, Zəngilan rayonu ərazisində İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad edilməsində iştirak edib. Düşmənə qarşı amansız olan Rəvan əsl rəşadət nümunəsi olub.



Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyinin azad olunması uğrunda döyüşə gedərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən Rəvan igidlik göstərərək, sona qədər döyüşüb və yoldaşlarının pusqudan çıxmasına şərait yaradıb, özü isə qəhrəmancasına şəhid oldu. 29 oktyabrda Quba şəhərində dəfn edilib.



Azərbaycan ordusunun əsgəri Rəvan Yusif oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Şəhid Rəvan Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçədə abidə-bulaq kompleksi inşa olunub. Qubada yerləşən küçələrdən birinə Rəvanın adı verilib. Bununla yanaşı, onun Zəngilanda şəhid olduğu döyüş mövqeyi də şəhidimizin adı ilə “Rəvan postu” adlandırılıb.



“Müharibə başlayandan döyüşlərdə olub. Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Zəngilanda şəhid olub. Rəvanın xatirəsi hər yerdə ehtiramla anılır. 20 yaşı olanda kəndimizdə bulaq kompleksinin açılış oldu. Mən oğlumla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rəvan həyatsevər, ailəyə bağlı oğul idi. Tarda ifa etməyi öyrənmişdi. Ən çox futbola həvəsi vardı. “Barselona” futbol klubunun stadionu “Nou Kamp”da matç izləmək ən böyük arzularından biri idi. Rəvan şəhid olandan sonra 3 medalla təltif olunub. Şəhid olandan sonra döyüş yoldaşları məndən nə lazım olduğunu soruşanda onlardan oğlumun hərbi geyimini istədim. Əvvəlcə təsəlli üçün sərhədçilərimizin formalarından birini verdilər. Daha sonra oğlumun özünün geydiyi hərbi geyimi də mənə təqdim elədilər. Döyüş yoldaşları daim Rəvanı yad edirlər. Evimizə də gəliblər” , - deyə şəhidin atası Yusif Əliyev söyləyib.



Şəhidin anası Mehriban Əliyeva danışır:

“Rəvan haqqında danışmaq çətində olsa, qürurvericidir. Evin tək oğlu olub. Bir bacı, bir qardaş idilər. Elə balacalığından hiss edirdim ki, bu uşaqda vətənpərvərlik ruhu daha yüksəkdir. İllər keçdi Rəvan şəhid oldu. Mən indi anladım ki, oğlumu niyə fərqləndirirdim. Çünki şəhidlər seçilmişlərdir. Rəvan kimi oğullar sayəsində torpaqlarımız azad olundu. Onlar Azərbaycanın ən yeni tarixini qızıl hərflərlə yazdılar. Rəvan tarix dərsini çox sevirdi. Qədim Azərbaycan dövlətlərinin xəritələrini çəkirdi. Kollecdə də oxuyanda tarix dərslərindən yaxşı qiymətlər alırdı. Vətənə, bayrağımıza olan sevgisindəndir ki, Rəvan Sərhəd Qoşunlarının könüllü döyüşlərə atılan hərbçilərindən oldu. Hara getsə bayrağımızı özü ilə aparırdı. Sonuncu dəfə müharibə başlamamışdan bir neçə gün əvvəl danışmışdıq. Sonra heç əlaqə saxlamadı. Hamımız üçün ağırdır. Amma onun şəhid olması ən çox bacısına təsir edib. Allah şəhid olan döyüşçülərimizə rəhmət eləsin”.